Qazaxıstan elektromobillər üçün yaşıl nömrələr tətbiq edir

Fatimə Ələkbərova 15.11.2026 1 dəqiqə 81
Qazaxıstan elektromobillər üçün yaşıl nömrələr tətbiq edir

Qazaxıstanda elektromobillər üçün yaşıl rəngli regional sahəsi olan xüsusi dövlət qeydiyyat nişanları tətbiq ediləcək.

Yeni nömrə nümunələrini ölkənin Daxili İşlər Nazirliyi təsdiqləyib. 3 noyabr 2026-cı il tarixli 831 nömrəli əmrə əsasən, yeni nişanlar minik və yük elektromobilləri, eləcə də elektrik avtobusları üçün nəzərdə tutulub. Onlar həm fiziki, həm də hüquqi şəxslərə veriləcək.

Elektrik motosikletləri və motorollerlər üçün də ayrıca nömrə nümunələri təsdiqlənib. Bundan başqa, daxili işlər orqanlarının xüsusi və operativ xidmətlərində istifadə olunan elektrik nəqliyyat vasitələri üçün də fərqli qeydiyyat nişanları hazırlanıb.

Dəyişikliklər diplomatik nəqliyyat vasitələrinə də şamil olunacaq. Xarici dövlətlərin diplomatik nümayəndəlik və konsulluqlarının əməkdaşlarına məxsus xidməti və şəxsi elektromobillər, eləcə də xarici fiziki və hüquqi şəxslərin elektrik nəqliyyat vasitələri üçün xüsusi nömrələr nəzərdə tutulub.

Yeni nömrələrin regional sahəsi yaşıl, qalan hissəsi isə ağ rəngdə olacaq. Rəqəmlər, hərflər və KZ işarəsi qara rəngdə saxlanılacaq.

Qeyd edək ki, əmr 21 noyabr 2026-cı ildə qüvvəyə minəcək.

0