Proqramçı Adobe proqramlarına pulsuz alternativ hazırlayıb

Ayaz Məmmədli 15.10.2026 2 dəqiqə 93
Proqramçı Adobe proqramlarına pulsuz alternativ hazırlayıb

Atlanta şəhərindən olan proqramçı Brandon Thomas süni intellektin köməyi ilə Adobe Creative Suite paketinə alternativ olan Artcraft layihəsini hazırlayıb. Açıq mənbəli paketə foto redaktəsi, dizayn, video montajı və digər yaradıcı işlər üçün 7 tətbiq daxildir. Layihənin uğuru çatışmayan funksiyaların tamamlanmasından və digər proqramçıların dəstəyindən asılıdır.

Layihə ilə bağlı əsas narahatlıqlardan biri yüz minlərlə sətir kodun süni intellektin köməyi ilə qısa müddətdə bir nəfər tərəfindən hazırlanmasıdır. 1100 mütəxəssisin iştirak etdiyi 2026-cı il “State of Code Developer Survey” sorğusuna əsasən, proqramçıların 96%-i süni intellekt tərəfindən yaradılan koda tam etibar etmir. Məxfilik problemləri, zərərli kodlar və faylların təhlükəli şəkildə işlənməsi mümkün risklər sırasındadır. Buna görə tətbiqləri istifadə etməzdən əvvəl mənbə kodunu yoxlamaq və vacib faylları etibarlılığı təsdiqlənməmiş proqramlarda açmamaq tövsiyə olunur.

“Artcraft” layihəsi “Adobe”un abunə modelinə qarşı narazılığın davam etdiyi dövrdə təqdim edilib. Şirkət istehlakçıları onlara uyğun olmayan abunə planlarında saxlamaqla bağlı iddialar üzrə 2024-cü ildə başlanmış federal məhkəmə işi çərçivəsində bu il 150 milyon dollarlıq razılaşmaya gedib. Bu məbləğ təxminən 255 milyon manata bərabərdir.

Ödəniş sistemləri, robototexnika və optik avtomatlaşdırma sahələrində 15 illik təcrübəyə malik olduğunu bildirən Thomas layihəni inkişaf etdirməyə davam edir. “Artcraft”ın “Adobe” proqramlarına real alternativə çevrilməsi isə çatışmayan funksiyaların tamamlanmasından və digər proqramçıların layihəyə qoşulmasından asılı olacaq.