NETTY 2026 internet mükafatına 150-dən çox layihə təqdim olunub
Azərbaycanda 21-ci Milli İnternet Mükafatı NETTY 2026-da iştirak üçün artıq 150-dən çox layihə təqdim edilib. Müraciətlər 2026-cı il noyabrın 23-dək netty.az saytında qəbul olunur. İştirakçılar üçün qeydiyyat pulsuzdur. Qeydiyyat haqqını müsabiqənin tərəfdaşı “MSolution | Chewick” qarşılayır.
Azərbaycanda 21-ci Milli İnternet Mükafatı NETTY 2026-da iştirak üçün artıq 150-dən çox layihə təqdim edilib. Müraciətlər 2026-cı il noyabrın 23-dək netty.az saytında qəbul olunur. İştirakçılar üçün qeydiyyat pulsuzdur. Qeydiyyat haqqını müsabiqənin tərəfdaşı “MSolution | Chewick” qarşılayır. NETTY 2026-nın yeddi əsas nominasiyası var: elektron dövlət və rəqəmsallaşma; rəqəmsal iqtisadiyyat, biznes və fintex; texnoloji innovasiyalar və süni intellekt; elm, təhsil və rəqəmsal savadlılıq; media, mədəniyyət və rəqəmsal məzmun; səhiyyə, idman, həyat tərzi və turizm; cəmiyyət, inklüzivlik və dayanıqlı inkişaf. Hər nominasiya üzrə müsabiqə üç istiqamətdə keçirilir: veb-saytlar, tətbiqlər və sosial şəbəkə səhifələri. Ekspert Şurası hər istiqamət üzrə üç layihəni nominant seçir, NETTY Akademiyası isə onların arasından qalibi müəyyənləşdirir. Beləliklə, hər nominasiyada doqquz nominant və üç qalib olur. Mükafatlar ən yaxşı veb-sayta, tətbiqə və sosial şəbəkə səhifəsinə verilir. Layihələr ideya, məzmun və icra keyfiyyəti üzrə qiymətləndirilir. İndiyədək təqdim olunan layihələrin təxminən 75 faizi veb-saytlardır. Qalan layihələr tətbiqlər və sosial şəbəkə səhifələri arasında təxminən bərabər bölünüb. Ən çox müraciət “Rəqəmsal iqtisadiyyat, biznes və fintex”, ən az müraciət isə “Elektron dövlət və rəqəmsallaşma” nominasiyasına daxil olub. Noyabrın 24-dən dekabrın 4-dək Ekspert Şurası və Virtual Münsiflər Heyəti nominantları müəyyənləşdirəcək. Dekabrın 5-dən 15-dək NETTY Akademiyası nominantlar arasından qalibləri seçəcək. Mükafatlandırma mərasiminin dekabrın 16–18-də keçirilməsi planlaşdırılır. Bütün nominantların dəvət olunacağı mərasimdə qaliblər rəsmi açıqlanacaq, nominantlara diplomlar, qaliblərə isə NETTY mükafatları təqdim ediləcək. Müsabiqənin tərəfdaşları da hədiyyələr hazırlayacaqlar. Müsabiqədə təşkilatlar, komandalar və müstəqil müəlliflər iştirak edə bilərlər. Bunun üçün onlar öz veb-saytlarını, tətbiqlərini və ya sosial şəbəkə səhifələrini mükafatın saytında qeydiyyatdan keçirməlidirlər. İnternet istifadəçiləri də saytda qeydiyyatdan keçərək Virtual Münsiflər Heyətinin səsverməsinə qatıla bilərlər. Səsvermənin nəticələrinə əsasən, bütün iştirakçılar arasından “Virtual Münsiflər Heyətinin seçimi” adlı ayrıca mükafat üçün üç nominant müəyyənləşdiriləcək. Ekspert Şurası təşkilat komitəsinin fərdi dəvəti ilə dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və digər sahələrin mütəxəssislərindən formalaşdırılır. Şura yeddi əsas nominasiyanın hər istiqaməti üzrə nominantların siyahısını hazırlayır. NETTY Akademiyası isə Azərbaycanın ictimai, dövlət və biznes dairələrinin nümayəndələrini birləşdirir və səsvermə yolu ilə qalibləri müəyyən edir.
NETTY Azərbaycanın ilk internet mükafatıdır. 2004-cü ildə təsis olunan mükafat 20 ildən artıqdır ki, rəqəmsal layihə müəlliflərinə işlərini geniş auditoriyaya və ekspert ictimaiyyətinə təqdim etmək imkanı yaradır.