Haitidə silahlı robot-itlər hərbi əməliyyata qatıldı
Unitree Go2 modelinə bənzəyən robot-itlər Haitinin paytaxtında silahlı dəstələrin nəzarətində olan stadionun azad edilməsi əməliyyatında iştirak edib.
Salvador Prezidenti Nayib Bukele Haitinin paytaxtında keçirilən birgə hərbi əməliyyatdan video yayımlayıb. Əməliyyatın məqsədi iki ildir silahlı dəstələrin nəzarətində olan stadionu azad etmək olub. Videoda hərbçilərlə yanaşı, üzərində tüfənglər yerləşdirilmiş və Unitree Go2 robotlarına bənzəyən robot-itlərin ərazidə patrul apardığı görünür. Ehtimal olunur ki, operatorlar lidar sensorları və kameralardan istifadə etməklə hədəfləri məsafədən izləyib, silahın tətiyini uzaqdan idarə edə biliblər. Silahlı robot-itlər əvvəllər ABŞ və Çində də sınaqdan keçirilib. Lakin onların istifadəsi əsasən təlim poliqonları ilə məhdudlaşıb. Salvadorda isə silahsız robot-itlər ilk dəfə sentyabr ayında hərbi paradda nümayiş olunub. Həmin vaxt onların fövqəladə hallarda yardım və narkotik vasitələrin axtarışı üçün istifadəsi nəzərdə tutulub. Unitree Robotics və digər robot istehsalçıları 2022-ci ildə ümumi təyinatlı robotların silahlandırılmasına qarşı mövqe nümayiş etdiriblər.