Florida polisinə Jetson One uçan aparat verilib
Polis xidmətində qeyri-adi yenilik baş verib: Florida Polytechnic Universitetinin polis şöbəsi uçan aparat əldə edərək əməkdaşlarını onun idarə edilməsinə hazırlayıb. “Astro” adlandırılan nəqliyyat vasitəsinin gələcəkdə əməliyyatlarda istifadəsi nəzərdə tutulur.
ABŞ-ın Florida ştatında polis xidməti üçün yeni texnologiya sınaqdan keçirilir. Florida Polytechnic Universitetinin polis şöbəsi Jetson şirkətinin istehsalı olan bir nəfərlik Jetson ONE uçan aparatını əldə edib. Universitetdə “Astro” adı verilən nəqliyyat vasitəsini idarə etmək üçün polis əməkdaşları artıq təlimləri başa vurublar. 148 min dollar dəyərində olan aparat saatda 102 kilometr sürət yığa bilir. Alüminium və karbon lifindən hazırlanan Jetson ONE səkkiz mühərrik və səkkiz pərlə təchiz edilib. Mühərriklərdən biri sıradan çıxsa belə, aparat uçuşunu davam etdirə bilir. Açıq kokpitdə pilot idarəetməni dörd oxlu joystick vasitəsilə həyata keçirir. Bundan başqa, sistem avtomatik eniş funksiyasını da dəstəkləyir. Jetson ONE tam dolu batareya ilə təxminən 20 dəqiqə havada qala bilir. Batareyanın 240 voltluq elektrik şəbəkəsində doldurulması 90 dəqiqə, adi ev prizində isə təxminən 3 saat çəkir. Batareyanı dəyişmək də mümkündür. Aparatın maksimal daşıma qabiliyyəti 95 kiloqramdır. Universitet uçan aparatın polis xidmətinə uyğunlaşdırılması üçün ona işıq siqnalları və aksiyon kameraları quraşdırıb. Növbəti mərhələdə axtarış işıqlarının əlavə edilməsi planlaşdırılır. Bununla belə, Jetson ONE hazırda ABŞ Federal Aviasiya Administrasiyasının yalnız əyləncə məqsədli uçuşlar üçün verdiyi icazə çərçivəsində istifadə oluna bilər. İctimai təhlükəsizlik sahəsində tətbiqinə rəsmi icazənin isə ilin sonunadək alınması gözlənilir.