Çin şirkətləri xaricdə Nvidia çiplərinə çıxışı təmin etməyə tələsir
Çinin süni intellekt şirkətləri xaricdəki məlumat mərkəzlərində Nvidia çipləri ilə işləyən hesablama gücünü əvvəlcədən icarəyə götürməyə çalışırlar. “Reuters” üç mənbəyə istinadən yazır ki, şirkətlər Nvidia-nın rəhbəri Censen Huanq ətrafındakı qalmaqalın Vaşinqtonu qabaqcıl prosessorlara məsafədən çıxışı məhdudlaşdırmağa sövq edə biləcəyindən ehtiyat edirlər.
Agentliyin məlumatına görə, Çinin iri bulud xidməti təminatçılarından biri xaricdə hesablama resurslarının rezerv edilməsini müzakirə edib. Bəzi şirkətlər artıq məlumat mərkəzlərinin operatorlarına müraciət ediblər. Kiçik süni intellekt laboratoriyaları da oxşar addımları, o cümlədən Cənub-Şərqi Asiyadakı xidmət təminatçıları ilə danışıqları nəzərdən keçirirlər. ABŞ Nvidia-nın ən güclü çiplərinin Çinə birbaşa ixracını məhdudlaşdırır. Bununla belə, Çin şirkətləri xaricdə hesablama gücü icarəyə götürərək süni intellekt modellərini öyrətmək və işlətmək üçün həmin prosessorlardan məsafədən istifadə edə bilirlər. Remote Access Security Act (RASA) qanun layihəsi ABŞ Ticarət Nazirliyinə belə çıxışı tənzimləmək səlahiyyəti verə bilər. Nümayəndələr Palatası yanvarda layihəni 369 lehinə, 22 əleyhinə səslə qəbul edib. Sənəd Senatda baxılmasını gözləyir. Censen Huanq həyat yoldaşına xəyanət etdiyini etiraf edib. “The New York Times” münasibətdə olduğu şəxsin Sinqapurun “Megaspeed” şirkətinin keçmiş rəhbərlərindən Alisa Huanq olduğunu və ABŞ rəsmilərinin onu Çin kəşfiyyatı ilə əlaqəli hesab etdiklərini yazıb. “Reuters” bu iddianı müstəqil şəkildə təsdiqləyə bilməyib. Çin iddianı rədd edib. “Reuters” Alisa Huanqın “Tencent” və “Alibaba” ilə biznes və investisiya əlaqələri barədə də məlumat yayıb. Agentliyin nəzərdən keçirdiyi sənədlərə görə, “Alibaba”nın törəmə şirkəti “Megaspeed”lə əlaqəli Malayziya şirkəti “Speedmatrix”i maliyyələşdirib. “Megaspeed” çipləri qanunsuz şəkildə Çinə yönləndirdiyini təkzib edib. Nvidia, “Megaspeed” və ABŞ Ticarət Nazirliyi agentliyin sorğularına dərhal cavab verməyiblər.