Çin şirkətləri bu il 1 milyondan çox Nvidia videokartı alıb

Fatimə Ələkbərova 13.10.2026 1 dəqiqə 86
Çin şirkətləri bu il 1 milyondan çox Nvidia videokartı alıb

ABŞ-ın ixrac məhdudiyyətləri fonunda Çin şirkətləri süni intellekt infrastrukturu üçün Nvidia-nın oyun və iş stansiyalarına hesablanmış videokartlarından istifadə etməyə başlayıblar.

ABŞ-ın qabaqcıl süni intellekt çiplərinin ixracına tətbiq etdiyi məhdudiyyətlər Çində komponent çatışmazlığını artırıb. Buna görə yerli tərtibatçılar GeForce və RTX Pro videokartlarını süni intellekt sistemlərində istifadə edirlər.

Çində yerli çip istehsalı artsa da, tələbatı tam ödəmək mümkün deyil. İllik tələbatın 5 milyondan çox olduğu, gələn il isə 10 milyon çipə çata biləcəyi bildirilir.

IDC-nin məlumatına görə, ötən yarımildə Nvidia-nın Çin bazarındakı payı 34%-ə düşüb. Huawei isə tədarükünü iki dəfə artıraraq bazarın 28%-nə sahib olub. Alibaba, Baidu və Cambricon kimi yerli şirkətlər də süni intellekt çipləri bazarında mövqelərini gücləndirirlər.

Yerli çiplərin proqram təminatına uyğunlaşdırılması çətinlik yaratsa da, Çində süni intellekt infrastrukturuna investisiyaların bu il 193 milyard dollara çatacağı proqnozlaşdırılır.