Britaniya sualtı qayığından rekord göstərici: Aylarla suda qalıb
HMS Vengeance 217 gün su altında qalaraq rekord qırıb. Uzun missiya Britaniya nüvə sualtı qayıqları donanmasındakı texniki və kadr problemlərini gündəmə gətirib.
Britaniya Kral Donanmasına məxsus HMS Vengeance nüvə sualtı qayığı 217 günlük missiyasını başa vuraraq Şotlandiyaya qayıdıb. Bununla da ekipaj su altında qalma müddətinə görə yeni rekorda imza atıb.
Qayıq apreldə HMS Vanguard tərəfindən müəyyən edilmiş 205 günlük rekordu geridə qoyub. Lakin mütəxəssislər bu uzunmüddətli missiyaları Britaniya donanmasının gücündən çox, nüvə sualtı qayıqları donanmasında yaranan problemlərin göstəricisi hesab edirlər. Səbəblər arasında texniki xidmətin gecikməsi və heyət üzərində artan psixoloji təzyiq göstərilir.
Təxminən 140 nəfərlik ekipaj üçün ilkin olaraq 3-4 aylıq missiyalar nəzərdə tutulsa da, hazırda bəzi tapşırıqlar yeddi aya qədər uzanır. Sualtı qayıqların radio səssizliyi şəraitində fəaliyyət göstərməsi səbəbindən dənizçilərin ailələri ilə əlaqəsi də ciddi şəkildə məhdudlaşır.
1998-ci ildə suya buraxılan HMS Vengeance Britaniyanın dörd Vanguard sinifli nüvə sualtı qayığından biridir. Təxminən 150 metr uzunluğunda olan gəmi 16 Trident ballistik raketi daşımaq üçün nəzərdə tutulub və ölkənin nüvə çəkindirmə strategiyasında mühüm rol oynayır.
Vanguard sinifli qayıqların istismar müddətinin uzadılması isə donanmanın gələcəyi ilə bağlı narahatlıqları artırır. Onları əvəz edəcək Dreadnought sinifli ilk sualtı qayığın HMS Dreadnought-un 2032-ci ildə xidmətə başlaması gözlənilir.
Şərhlər
Şərh yaz