BAE Systems dronlara qarşı yeni texnologiya təqdim edib
Britaniyanın müdafiə sənayesi şirkəti “BAE Systems” dron dəstələrinin hücumlarını zərərsizləşdirmək üçün yeni yüksək güclü mikrodalğalı müdafiə sistemini təqdim edib.
Şirkətin oktyabrın 12-də AUSA 2026 sərgisində nümayiş etdirdiyi High Power Microwave (HPM) sistemi güclü elektromaqnit impulsları vasitəsilə PUA bort elektronikasını sıradan çıxarır.
Ənənəvi raket sistemlərindən fərqli olaraq, HPM texnologiyası enerji təchizatı olduğu müddətdə döyüş sursatı sərf etmədən dəfələrlə istifadə oluna bilər. Sistem stasionar qurğularda, yedəkdə daşınan platformalarda, eləcə də döyüş maşınları və gəmilərdə quraşdırılmaq üçün nəzərdə tutulub. Hazırda texnologiya TRL 6 hazırlıq səviyyəsindədir. Bu, sistemin real şəraitə yaxın mühitdə sınaqdan keçirildiyini göstərir.
BAE Systemssərgidə hava və yerüstü hədəflərə qarşı nəzərdə tutulan “Multi-Domain Artillery Cannon System” (MDACS) artilleriya sistemini də təqdim edib. Yeni texnologiyaların silahlanmaya qəbul edilməsi və tam döyüş effektivliyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.