Atlas robotu çip zavodunda işləyəcək
Humanoid robotlar artıq yarımkeçirici sənayesində də fəaliyyətə hazırlaşır.
ABŞ-ın robot texnologiyaları şirkəti Boston Dynamics-in insanabənzər Atlas robotu yeni bir sahədə sınaqdan keçiriləcək. Şirkət yarımkeçirici istehsalçısı GlobalFoundries ilə əməkdaşlıq edərək robotu çip zavodlarında işlətməyə hazırlaşır.
Sınaqların 2027-ci ilin əvvəlində başlaması planlaşdırılır. İlk mərhələdə Atlas-ın zavod şəraitinə uyğunlaşması, müxtəlif tapşırıqları yerinə yetirməsi və istehsalat proseslərində nə dərəcədə faydalı ola biləcəyi yoxlanılacaq.
Robotun əsas vəzifələri arasında istehsalat hissələrinin daşınması və çeşidlənməsi kimi işlər nəzərdə tutulur. Bu prosesdə Atlas-ın insanlarla yanaşı işləmək və mürəkkəb sənaye mühitində hərəkət etmək imkanları da qiymətləndiriləcək.
Əməkdaşlıq çərçivəsində yalnız Atlas deyil, Boston Dynamics-in dördayaqlı Spot robotu da GlobalFoundries-in müxtəlif ölkələrdəki zavodlarında istifadə olunacaq. Şirkətin məlumatına görə, Sinqapurdakı iki Spot robotu aprel ayından etibarən təxminən 900 kilometr məsafə qət edib və 90 mindən çox texniki yoxlama həyata keçirib. Tapşırıqların uğur göstəricisi isə 99 faiz olub.
Bu əməkdaşlıq humanoid robotların avtomobil sənayesindən kənara çıxaraq yarımkeçirici istehsalı kimi mürəkkəb sahələrdə də istifadəsinə yol aça bilər. Gələcəkdə Atlas-ın hansı istehsalat tapşırıqlarını müstəqil yerinə yetirə biləcəyi sınaqların nəticələrindən asılı olacaq.
Şərhlər
Şərh yaz