Anthropic: AI 50 nəfərin ölümünə səbəb olarsa
Anthropic ABŞ-da 50 və daha çox insanın ölümünə və ya 1 milyard dollardan artıq maddi ziyana səbəb ola biləcək süni intellekt modellərinin yayılmasının dayandırılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyir.
Anthropic şirkəti ABŞ-da süni intellekt təhlükəsizliyini gücləndirməyə yönəlmiş qanun layihəsini dəstəkləyir. Təklifə əsasən, ən azı 50 nəfərin ölümünə və ya 1 milyard dollardan çox maddi ziyana səbəb ola biləcək süni intellekt modellərinin yayılmasının qarşısını almaq üçün hüquqi mexanizm yaradılması nəzərdə tutulur.
*Politico*nun məlumatına görə, mümkün təhlükələrə bioloji silahların hazırlanması və ya istifadəsi, süni intellekt modellərinin təhlükəsizlik məhdudiyyətlərini aşması və kiberhücumlar daxildir.
Layihəyə əsasən, süni intellekt modellərinin potensial təhlükələri ABŞ Ticarət Departamentində qeydiyyatdan keçmiş müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək. Ekspertlər ciddi və yaxın təhlükə müəyyən edərlərsə, 72 saat ərzində quruma məlumat verməlidirlər. Bundan sonra modelin yayılmasının dayandırılması üçün məhkəməyə müraciət edilməsi nəzərdə tutulur.
Təklif, həmçinin risk məlumatlarının açıqlanması, müstəqil qiymətləndirmə və ciddi insidentlər barədə hesabatlılıqla bağlı bəzi ştat qanunlarının ləğvini nəzərdə tutur. Texnologiya sektorunun nümayəndələri ştatlar arasında fərqlənən qanunların şirkətlər üçün əlavə çətinliklər yaratdığını bildirirlər.