ABŞ-ın yeni F-47 qırıcısı 1850 kilometrdən çox döyüş radiusuna malik olacaq
Boeing şirkətinin hazırladığı altıncı nəsil F-47 qırıcısının döyüş radiusu 1850 kilometrdən çox olacaq.
NGAD proqramı çərçivəsində hazırlanan F-47 müasir hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyi şəraitdə əməliyyatlar aparmaq üçün nəzərdə tutulub. Qırıcı yüksək görünməzlik texnologiyası, uzun uçuş məsafəsi və yenilənə bilən bort sistemləri ilə seçiləcək. Geniş döyüş radiusu təyyarənin uzaq məsafələrdə fəaliyyət göstərməsinə və havada yanacaq dolduran təyyarələrdən asılılığın azalmasına imkan verəcək.
ABŞ Hərbi Hava Qüvvələri F-47-nin maksimal sürətinin 2 Max-ı keçməsini və ümumilikdə 185 ədəd belə qırıcının alınmasını planlaşdırır. Təyyarə Collaborative Combat Aircraft proqramı çərçivəsində hazırlanmış döyüş dronları ilə birgə istifadə ediləcək. Qırıcının silahlanmaya qəbulu 2030-cu illərin əvvəllərinə nəzərdə tutulur.